Dekabrın 6-da Nizami Kino Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “İstək” liseyi tərəfindən birgə təşkil olunmuş “Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva olimpiada barədə məlumat verib. Bildirilib ki, Bakının ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında bu ilin aprel və may aylarında keçirilən məntiq olimpiadası iki mərhələdə təşkil olunub. “İstək” liseyində keçirilən olimpiadanın final mərhələsində ilk turda uğur qazanan şagirdlər iştirak ediblər.
Diqqətə çatdırılıb ki, olimpiadanın məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu cür tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsinə və elmə olan marağının artmasına müsbət təsir göstərməkdir.
Sonda qaliblər mükafatlandırılıblar.
azertag.az