Həm 9, həm də 11-ci sinifləri bitirən məzunlara veriləcək təhsil sənədlərinin bundan sonra attestat adlandırılması dünya praktikasına uyğundur.
Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən, bu tədris ilinin sonundan başlayaraq, IX və XI sinfi bitirən məktəb məzunlarına attestatlar yeni formada təqdim olunacaq. Nazir müavini qeyd edib ki, həm ümumi orta, həm də tam orta təhsil alanlara attestatın verilməsi daha düzgündür.
C.Bayramov deyib ki, yeni təhsil sənədlərində şagirdin keçdiyi fənlərin adlarından, həmin fənlərdən aldığı qiymətlərdən başqa, onun təmayüllü, yaxud adi sinifdə oxuduğu da (onlara ayrılmış saatlar da göstərilməklə) göstəriləcək:
"Yeni attestatlarda eyni zamanda, buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır".
C.Bayramov Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin 30 faizinin təhsillərini davam etdirməməsi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirərək deyib ki, hazırda icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni 9-cu sinifdə başa çatır:
"9-cu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün 10-11-ci siniflərə, bəziləri peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) bəzi ixtisaslar üzrə də qəbul həyata keçirildiyindən 9-cu sinfi bitirənlər həm də bu təhsil müəssisəsinə sənəd verirlər. Ancaq elə şagirdlər də var ki, onlar 9-cu sinifdən sonra ümumiyyətlə təhsillərini davam etdirmirlər".
trend