Azərbaycanın Xalq Artisti Hacıbaba Bağırovun anadan olmasının 80 iliyi qeyd ediləcəkdir
27.8.2012

Cari ilin iyununda görkəmli aktyor, Azərbaycanın Xalq Artisti Hacıbaba Bağırovun anadan olmasının 80 ili tamam olmuşdur. Bu münasibətlə sentyabrda Dövlət Film Fondunun təşəbbüsü ilə tədbir keçiriləcəkdir.

Fondun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaqdır. Aktyorun Azərbaycan teatrının inkişafı naminə gördüyü işlərdən də söz açılacaqdır.
Kiçik yaşlarından teatr sənətinə böyük həvəsi Hacıbaba Bağırovu 1947-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib çıxarmışdır. Orada sənət korifeylərindən dərslər alan H.Bağırov 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlamışdır.

1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunan sənətkarın burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obraz onun gülüş ustası kimi püxtələşməsində və populyarlaşmasında böyük rol oynamışdır.

Onun teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olmuş və bir-birindən dəyərli obrazlar qalereyası yaratmışdır.
O, 1989-cu ildən 1996-cı ilədək özünün yaratdığı “Tənqid-təbliğ” teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olmuşdur. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın “Bankir adaxlı” tamaşasına görə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür.

Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat etmişdir.

AzərTAc