Korlar üçün kamera icad edilmişdir
27.8.2012

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda mütəxəssislər “EyeRing” adlı qurğu hazırlamışlar.

Həmin qurğu görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün nəzərdə tutulmuşdur. Qurğu xüsusi üzük şəklində hazırlanmşdır. Kamera ilə təchiz edilmiş qurğu kadra düşmüş obyekti tanıyır və bu barədə istifadəçiyə səs vasitəsilə siqnal ötürür.

“EyeRing”in istehsalçıları bildirmişlər ki, bu qeyri-adi üzük təkcə predmetin tipini deyil, həmçinin onun rəngini təyin edir. “EyeRing” kamerası istənilən mətni oxumağa imkan verir, onun vasitəsilə, hətta bütöv bir kitabın öhdəsindən gəlmək mümkündür. Qeyd edək ki, bunun üçün köməkçi avadanlıq lazımdır. Belə ki, səsi üzük deyil, smartfon və planşet səsləndirir. Xüsusi proqram təminatı mətn və ya predmetin təsvirini səsləndirməkdə yardımçı olacaqdır.

Yaxın vaxtlarda “EyeRing”in kütləvi istehsalı planlaşdırılır. Lakin mütəxəssislərin fikrinə görə, qurğu hələ bir müddət bəzi sınaqlardan keçirilməlidir.

AzərTAc