Fransanın Müluz şəhərindəki Yuxarı Alzas Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi kafedrası “Multikulturalizm, mədəniyyətlərarası dialoq, mürəkkəb kimlik: Qafqaz nümunəsi” adlı elmi kollokvium təşkil edib. Kollokviumda ABŞ, Fransa, Türkiyə, Türkmənistan, Qazaxıstan, Rumıniya, Rusiya və Azərbaycandan olan mütəxəssislər iştirak ediblər.
Tədbiri açıq elan edən Yuxarı Alzas Universitetinin dil, ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı və Nizami Gəncəvi kafedrasının müdiri Qreta Komur-Tilua kollokviumun “Kitabi-Dədə Qorqud” dastanı və Nizami Gəncəvinin əsərləri əsasında Azərbaycan multikulturalizminə həsr edildiyini bildirib.
Yuxar Alzas Universitetinin prezidenti Kristin Qanqlof-Ziqler çıxışında Azərbaycanla 2014-cü ildən başlayan əməkdaşlıqdan, Nizami Gəncəvi kafedrasının fəaliyyətindən, Məhsəti Gəncəvi zalının yaradılmasından, eləcə də Gəncə Dövlət Universiteti ilə əlaqələrdən danışıb.
Müluz şəhər merinin mədəni irs və beynəlxalq əlaqələr üzrə müavini Ann-Katrin Götz isə Müluz şəhərinin Azərbaycanın Yevlax şəhəri ilə imzaladığı dostluq və əməkdaşlıq xartiyası barədə məlumat verərək bu sənədin təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına geniş yol açdığını vurğulayıb. O, Yuxarı Alzas Universitetində hər il təşkil olunan Azərbaycan musiqi festivalından da söz açıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ölkəmizin multikulturalizmin ən qədim beşiklərindən biri olduğunu, şifahi və yazılı ədəbiyyat nümunələrimizdə bunun açıq-aydın göründüyünü vurğulayıb. Səfir Azərbaycanda multikulturalizmin hüquqi əsaslarının ümummilli lider Heydər Əliyevin dövründə qoyulduğunu və Prezident İlham Əliyevin bunu daha da inkişaf etdirdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətimizin mədəni və dini rəngarəngliyin qorunmasına göstərdiyi yüksək diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini deyən Elçin Əmirbəyov Bakının mədəniyyətlərarası dialoqla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə mühüm multikulturalizm platformasına çevrildiyini vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman isə təmsil etdiyi qurumun fəaliyyəti barədə kollokvium iştirakçılarına geniş məlumat verib.
Kollokviumun elmi hissəsində ABŞ-ın Prinston Universitetinin professoru, tanınmış nizamişünas Maykl Beri Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki multikulturalizm ideyaları barədə maraqlı məlumatlar verib. O, Nizami Gəncəvini dünya tarixini və fəlsəfəsini dərindən bilən şəxsiyyət kimi xarakterizə edərək onun əsərlərinin bəşəriyyət üçün bundan sonra da fayda verəcəyini bildirib.
İki gün davam edən kollokviumda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun və Gəncə Dövlət Universitetinin alimləri, eləcə də xarici ölkələrin mütəxəssisləri tərəfindən “Azərbaycanda “Kitabi-Dədə Qorqud”un öyrənilməsi”, “Dədə Qorqud dastanında ölüm mələyi ilə mübarizə”, “Dədə Qorqud kitabının xarici dillərdə nəşri”, “Dədə Qorqud kitabı və alban şifahi ədəbiyyatında mümkün oxşarlıqlar”, “Qafqaz multikulturalizmi Prometey əfsanələrində” və s. mövzularda mühazirələr oxunub və müzakirələr aparılıb.
Kollokviumda mütəxəssislərlə yanaşı, Yuxarı Alzas Universitetinin tələbələri də iştirak ediblər.
azertag.az