Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz “Yeni il nağılı” vəd edir.
Klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görəcəklər. Bununla yanaşı, onlar sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda komik hadisələri eşidib-izləmək imkanı əldə edəcəklər. Tamaşada uşaqlara paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət personajların düşdüyü komik situasiyalarla izah olunur. Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır.
Teatrın rejissoru Anar Məmmədovun ssenari müəllifi olduğu və quruluş verdiyi tamaşada yaxşıların qələbəsi, dürüstlüyün zəfəri və bağışlamağın ən üstün keyfiyyət olması diqqətə çatdırılır.
Maraqlı dekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan xoreoqrafik elementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış olan nağıl qəhrəmanlarını da izləyə biləcəklər.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.
Balacaların yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri dekabrın 30-dan yanvarın 8-dək hər gün dörd seans olmaqla nümayiş olunacaq.
azertag.az