Sofiyada təşkil olunan xeyriyyə bazarında Azərbaycan guşəsi maraqla qarşılanıb
7.12.2016

Hər il dekabr ayında Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyə bazarı təşkil olunur. Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini – musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.

1989-cu ildə yaradılan klub Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən xarici qadınları bir araya gətirir. Klub tərəfindən ötən il təşkil olunmuş 21-ci xeyriyyə bazarında 49 ölkə təmsil olunmaqla, 70 stend nümayiş etdirilib və 350 min leva vəsait əldə edilib.

Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilən builki xeyriyyə bazarı Bolqarıstanda əhatə dairəsinə, iştirakçıların sayına və nüfuzuna görə seçilir. Tədbirdə Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkətlərin təmsilçiləri də iştirak edirlər. 22-ci xeyriyyə bazarında 50-dən artıq ölkə təmsil olunmaqla 80 stend nümayiş etdirilib. Tədbirdə Almaniya, Avstriya, Türkiyə, ABŞ, Rusiya, Skandinaviya ölkələri, Belçika, İndoneziya, Yaponiya, Çin, Misir və s. ölkələr iştirak ediblər.

Tədbirdən əldə edilən vəsaitlər klubun Bolqarıstanda xeyriyyə məqsədli layihələrinə sərf olunur.

Azərbaycanın Bolqarıstandakı səfirliyi son beş ildə ilk dəfə iştirak etdiyi bazarda milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.

Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri və ölkəmizin turizm potensialına həsr edilmiş jurnal və broşürlər iştirakçıların marağına səbəb olub.

Tədbir iştirakçılarının əksəriyyəti daha əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini söyləyib, paytaxtımızla bağlı xoş təəssüratlarını bildiriblər. Qonaqlar Azərbaycan milli mətbəxinin səfirlik tərəfindən təqdim olunmuş nümunələrini dadıblar.

Tədbir zamanı Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyasında (BNT) canlı yayımlanan “Gün Qeorgi Livanov ilə başlayır” verilişinə və “Focus” xəbər agentliyinə müsahibə verib.

Səfirlik satışdan əldə edilən vəsaiti Bolqarıstanda həssas təbəqələrdən olan insanlara yardım məqsədilə tədbirin təşkilatçısına - Beynəlxalq Qadınlar Klubuna təhvil verib.

azertag.az