Yay Olimpiya Oyunlarının proqramına 3 yeni idman növü daxil edilib
7.12.2016

2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının proqramına 3 yeni idman növü daxil edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İsveçrənin Lozanna şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Yeni növlər karate, qayaya dırmanma və idman rəqsləridir.
Hər üç növdə gender bərabərliyini qorumaq üçün həm kişilər, həm də qadınlar bərabər sayda təmsil olunacaqlar. İdman rəqsləri oğlanlar, qızlar və qarışıq "break dance" formasında olacaq. Karate yarışlarında oğlan və qızlar hərəyə 3 çəki dərəci üzrə kumitedə çıxış edəcəklər. Qayayadırmanmada isə iştirakçılar 3 növdə mübarizə aparacaqlar.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 2018-ci ilin 1 - 12 oktyabrında keçiriləcək.

report.az