Leyla Əliyeva: "Azərbaycanla Rusiyanı bir-birinə çoxillik dostluq münasibətləri bağlayır"
7.12.2016

"Azərbaycan və Rusiyanı bir-birinə çoxillik dostluq və əməkdaşlıq münasibətləri bağlayır".
Bunu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva Moskvada təşkilatın VII Forumunun açılışında çıxışı zamanı deyib.
"Azərbaycanda böyük rus mədəniyyətini, ədəbiyyatını və incəsənətini çox sevirlər" - L.Əliyeva bildirib.
Onun sözlərinə görə, Rusiya oxuyan, işləyən və yaşayan Azərbaycan gəncləri həmçinin öz mədəniyyətlərinin və tarixlərinin qayğısına qalırlar: "Azərbaycan gənci Azərbaycan tarixinə çox həssas yanaşır. Ona görə də hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiririk. Ədalətin bərpa ediləcəyinə inanırıq. Bütün tədbirlərimizi tolerantlıq və multikulturalizm ruhunda keçirməyə çalışırıq. Biz inamla gələcəyə baxır və inkişaf edirik".
L.Əliyeva təşkilatın gənclər üçün böyük imkanlar yaratdığını vurğulayıb: "Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bacarıqlarınızı inkişaf etdirə və ya yeni biliklər əldə edə biləcəyiniz yerdir. Tezliklə təşkilatımızda Azərbaycan dili kursları də açılacaq".
Forum başlamamışdan əvvəl L.Əliyeva "Müstəqil Azərbaycan - 25 il" sərgisi ilə tanış olub.
Qeyd edək ki, forumun işində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan və Rusiyanın digər rəsmi şəxsləri, deputatlar, eləcə də Rusiyanın aparıcı ali təhsil ocaqlarının Azərbaycan tələbə klublarını təmsil edən gənclər iştirak ediblər.

report.az