Artıq Əlincəqalaya virtual səyahət də etmək olar
7.12.2016

“Əlincəqala” tarixi abidəsinin saytı fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı əsasında hazırlanan saytda Əlincəqalanın tarixi, Əlincəqala haqqında yazılan məqalələr, bədii ədəbiyyat nümunələri, qalada bərpa proseslərini və bərpadan sonrakı görüntüləri əks etdirən şəkillər və videomateriallar yerləşdirilib. Bununla yanaşı, istifadəçilər saytda “Virtual səyahət” vasitəsilə muzey də daxil olmaqla, bütövlükdə qala-abidəyə virtual səyahət edə biləcəklər.

Xalqımızın mübarizlik və yenilməzlik rəmzi olan Əlincəqala 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib. Naxçıvan MR Ali Məclisi sədrinin “Culfa rayonundakı ”Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli sərəncamına əsasən isə Əlincəqalada bərpa işləri aparılaraq möhtəşəmliyi özünə qaytarılıb, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb.

Qeyd edək ki, Əlincəqala yazılı mənbələrdə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında xatırlanıb. Qalanın iki min ildən artıq tarixi var. Qala I-VI əsirlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olub, qala-şəhər kimi formalaşıb.

Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdı. 14 il Əmir Teymurun qoşunlarına müqavimət göstərən qala bu gün də əzəməti ilə buraya gələnləri məftun edir. Bu il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışından sonra tarixi abidənin 13 minə yaxın ziyarətçisi olub. Saytın istifadəyə verilməsi də Əlincəqalanın təbliğində mühüm rola malik olacaq.

Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Bu abidələr yalnız Azərbaycan tarixinin deyil, dünya tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Bu abidələri sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin vətəndaşlıq borcudur.

trend.az