Səbail rayon MKS-nin 3 saylı filialında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
7.12.2016

Dekabrın 7-də Səbail rayon MKS-nin 3 saylı filialında müasir müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Əvvəlcə qonaqlar ümummilli liderə həsr olunmuş “İmzalı, möhürlü həqiqətimiz” adlı kitab sərgisi ilə tanış olublar. Daha sonra xalqımızın böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova çıxış edərək Heydər Əliyevin dövlətçiliyimizin inkişafında misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi dünya miqyaslı siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Onun dövlətçiliyimiz tarixində gördüyü işlər bizə daim uğur gətirib. Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyev məktəbinin yetirməsi olan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda sürətli iqtisadi, mədəni yüksəliş müşahidə olunur. Azərbaycan xalqı Ümummilli Liderin şəxsiyyətinə bəslədiyi hörməti qəlbində qoruyub saxlayır və Vətənin işıqlı gələcəyinə inanır.

Yazıçı-dramaturq və publisist, filologiya elmləri doktoru, Əməkdar Jurnalist Aqşin Babayev deyib ki, Heydər Əliyev milli şüurumuzun və mənəvi varlığımızın, dövlətçiliyimizin qurucusu və qoruyucusu, o cümlədən təkrarolunmaz şəxsiyyətlərdəndir. Heydər Əliyevin hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi mənəvi irsinə böyük diqqət göstərdiyini deyən natiq eyni zamanda, onu xalqının qayğısına qalan, onun təəssübkeşliyini çəkən şəxsiyyət adlandırıb.

Aqşin Babayev dahi şəxsiyyətin fenomenal siyasi bacarığı, böyük istedadı ilə hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müasir müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini söyləyib.

Daha sonra Aqşin Babayev dahi siyasi xadim, Ümummilli Lider haqqında xatirələrini bölüşüb.

Yazıçı-dramaturq Xeyrəddin Qoca, professor Əsədulla Qurbanov, ədəbiyyatşünas Müzəyyən Ağabəyova çıxış edərək Ulu Öndərin keçdiyi həyat yolundan, onun bir dövlət başçısı kimi hər zaman Vətəninə, xalqına, millətinə bağlılığından, göstərdiyi xidmətlərdən danışıblar. Natiqlər böyük siyasi xadimin Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs ediblər.

Vurğulanıb ki, ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin rifahı, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub.

Tədbir Bakı şəhərindəki 49 və 51 nömrəli məktəbin şagirdləri tərəfindən ümummilli liderə həsr olunmuş bədii kompozisiya ilə davam edib.

azertag.az