Parisdə Azərbaycan-UNESCO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb
7.12.2016

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Parisdə UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan-UNESCO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

Ə.Qarayev UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını İrina Bokovaya çatdıraraq ölkəmizlə UNESCO arasındakı əməkdaşlığın inkişafında Azərbaycanın birinci xanımının mühüm rolu olduğunu bildirib.

İrina Bokova öz növbəsində Azərbaycan dövlətinin, xüsusilə də birinci xanım Mehriban Əliyevanın həm UNESCO-nun fəaliyyətinə, həm də öz ölkəsində və bir çox digər üzv ölkələrdə mədəni irsin qorunmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, növbəti ildə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirələr aparılıb.

İrina Bokova dekabrın 5-də keçirilmiş “Bakı prosesi” beynəlxalq işçi qrupunun ali toplantısı və irs mövzusunda yüksək səviyyəli panelin əhəmiyyətinə toxunaraq Azərbaycan ilə müxtəlif səpkidə beynəlxalq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirərək, salamlarını ölkə rəhbərliyinə və Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.

Əbülfəs Qarayev səmimi qəbula və görüşə görə təşəkkürünü bildirərək xalqımızın mədəniyyətini əks etdirən bir sıra kitab və materialları xanım baş direktora təqdim edib.

azertag.az