Balakəndə bitkiçilik məhsullarının istehsalında artım qeydə alınıb
7.12.2016

Balakən rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı müvəffəqiyyətlə başa çatıb. Cari ildə bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.

Balakən Rayon Statistika İdarəsindən bildiriblər ki, 2016-cı ildə fermerlər 7 min 244,5 hektar qarğıdalı sahəsindən 44 min 788 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı ötən illə müqayisədə 4 min 782 ton artıb. Bu il rayonda taxıl istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, cari mövsümdə rayonda taxıl istehsalı 2015-ci illə müqayisədə 2 min 373 ton artaraq 3 min 517 ton təşkil edib. Torpaq mülkiyyətçiləri 2016-cı ildə 8 min 407 ton kartof, 23 min 752 ton tərəvəz, 3 min 297 ton bostan məhsulları yığıblar. Əvvəlki illə müqayisədə kartof istehsalı 192 ton, tərəvəz istehsalı 1132 ton, bostan məhsulları istehsalı isə 15 ton artıb. Balakənli bağbanlar cari ildə meyvə bağlarından 28 min 936 ton, yəni ötən ildəkindən 129 ton çox məhsul götürüblər.

azertag.az