Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı tituluna sahib olmaqla yanaşı, həm də bir sıra beynəlxalq layihələrin uğurla icra edildiyi məkan kimi tarixə düşdü. Bu layihələrin uğurla reallaşdırılması nəticəsində ölkəmizi tanımayan, bizdən çox-çox uzaqlarda yaşayan yüzlərlə xarici gənc vətənimizi tanıdı, xalqımızın mədəni dəyərləri ilə yaxından tanış oldu. Beləliklə, həmin gənclər Azərbaycanın dostuna və onun uzaq diyarlarda ən sadiq təbliğatçısına çevrildi.
Bu sözləri müsahibəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov deyib.
Cari ilin Gəncə şəhəri üçün olduqca əlamətdar il olduğunu deyən Müşfiq Cəfərov bildirib ki, “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində 47 tədbirin həyata keçirilməsi planlaşdırılsa da, ilin əvvəlindən bəri 250-yə yaxın müxtəlif istiqamətləri əhatə edən yerli və beynəlxalq layihələr həyata keçirilib. Təlim, seminar, konfrans, festival, simpozium, sərgi və “dəyirmi masa”larda ölkəmizin müxtəlif bölgələrindən 15 mindən çox gənc, eləcə də bu şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri iştirak ediblər.
Həmçinin “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində şəhərimizdə keçirilən beynəlxalq tədbirlərdə Avropadan və dünyanın digər ölkələrindən 3 mindən çox gənc iştirak edib. Keçirilən tədbirlər vasitəsilə xaricdən gələn gənclər Gəncə şəhərinin çoxəsrlik tarixi, zəngin mədəniyyəti, müasir inkişaf səviyyəsi ilə yaxından tanış olublar.
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində tədbirlərin ilin sonunadək keçiriləcəyini deyən Müşfiq Cəfərov bildirib ki, layihənin bağlanışı da yaddaqalan və möhtəşəm olacaq.
azertag.az