Alsu: Leyla xanım təsirli şeirlər yazır
8.12.2016

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən gedim bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Bir neçə gün əvvəl Alsu həmin mahnıya çəkilmiş klipi pərəstişkarları ilə paylaşıb.

Tanınmış rusiyalı müğənni söhbətində yeni mahnı üzərindəki işi, Leyla Əliyevanın yaradıcılığı və Bakıdakı pərəstişkarları ilə bir daha nə vaxt görüşəcəyi barədə danışıb.

- Alsu Ralifovna, yeni gözəl işiniz münasibətilə Sizi təbrik edirik. Mahnının yaradılması ideyası necə meydana gəldi?

- İlk növbədə, mən belə yüksək dəyərə görə təşəkkürümü bildirmək istəyirəm. Sualda müxbirdən dərhal rəy eşitmək adama çox xoş gəlir.

Əslində, bu mahnının ideyasının hansısa xüsusi yaranma prosesini təsvir etmək mümkün deyil. Heç kim üçün sirr deyil ki, Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır. Onun “Mən gedim bir az ağlayım” şeirini mahnıya köçürdük. Sözlər, melodiya – hər şey daxili vəziyyətimlə üst-üstə düşdü. Ümumiyyətlə, lirik mahnılar mənə daha yaxındır. Buna görə də taleyimdən razıyam ki, repertuarımda “Mən gedim bir az ağlayım” mahnısı var.

- Sosial şəbəkələrdəki rəylərə əsasən görünür ki, mahnının musiqisi və sözləri pərəstişkarlarınızın çox xoşuna gəlib. Belə bir uğuru gözləyirdinizmi?

- Hələ çox az vaxt, yalnız bir neçə gün keçib. Dinləyicinin bu mahnı və klipə münasibətinin necə inkişaf edəcəyini görərik. Mən, ümumiyyətlə, həmişə öz işimin qiymətləndirilməsinə təmkinlə yanaşıram. Buna görə indi tam əminliklə iddia etmək olar ki, premyera baş tutub və mahnı birmənalı olaraq öz tamaşaçısını, auditoriyasını tapıb.

- Bu il Moskvada Leyla Əliyevanın “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunun təqdimatı olub. Siz Leyla Əliyevanın yaradıcılığı ilə tanışsınız, yoxsa bu, təsadüfi seçim idi?

– Əlbəttə, tanışam. Sosial şəbəkələr var olsun, hərdən onlardan fayda da gəlir. Leyla Əliyeva tez-tez öz yaradıcılıq nümunələrini “Instagram”da yerləşdirir və mən məmnunluqla onun şeirləri ilə tanış oluram. Təəssüf ki, şeirlər toplusu hələlik məndə yoxdur, amma bir gün müəllif nüsxəsini əldə etməyə ümid edirəm.

– Klipdə yeni obrazdasınız. Bu obrazın yaradılmasına sizi nə həvəsləndirdi?

- Mən çoxdan xüsusi süjeti olmayan məhz ağ-qara video çəkmək istəyirdim. İstəyirdim ki, bu videodakı obrazlar tamaşaçıları düşündürsün. Mahnı üzərində işləməyə başladıqda, mənə elə gəldi ki, məhz bu mahnıya belə bir video çəkmək olar. Klipdə, eyni zamanda, bir neçə tamamilə fərqli obraz var. Onlardan bir hissəsini ilk dəfə “sınaqdan keçirdim”. İstəyirdim ki, hər bir qadın özünü, öz “mən”ini, daxili vəziyyətini bu klipdə tapsın. Axı hamımız fərqliyik. Təkcə zahirən yox, həm də daxilən, şəraitdən, əhatədən asılı olaraq dəyişirik. Biz gah sadə, sevimli, həlim, gah da qəzəbli, kübar gözəlçələr kimiyik... Bax, əslində, klipdə tamaşaçı bütün bu obrazları görür. Axı kim olursaq-olaq, həyatda nə ilə məşğul oluruqsa-olaq, mənəvi yaşantılarımızda hamımız bir-birimizə çox yaxınıq, hər birimiz gözəl və parlaq sevgi arzulayırıq. Hətta zahirən çox güclü görünən və özünə güvənən qadınlar da bəzən ağlayır, onlar da əzab çəkir, hamı kimi onlara da arxa-dayaq, səmimi münasibət lazımdır.

- Siz Azərbaycanda tez-tez olan və arzulanan qonaqsınız. Bakılılar sizinlə görüşü intizarla gözləyirlər. Bakıda çıxış etməyi planlaşdırırsınızmı?

- Çox məmnunam ki, həyat yoldaşımın doğma şəhəri mənə çox nəzakətli münasibət göstərir. Azərbaycanda mənim fan-klubumun sadiq üzvləri var.

Hər dəfə biz Bakıya gələndə, mən çıxış etmək dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Ümid edirəm ki, növbəti dəfə istisna olmayacaq.

azertag.az