Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, “Humay” milli mükafatının laureatı, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbir bəstəkar Azər Dadaşovun ifasında ustadı, görkəmli bəstəkar Qara Qarayevin “Prelüd”ü ilə başlayıb.
Niyazinin mənzil-muzeyinin müdiri Rza Bayramov yubilyarı təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova A.Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat verib.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar İncəsənət Xadimi, bəstəkar Məmmədağa Umudov, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Həcər Babayeva yubilyarı təbrik ediblər. Çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunub.
Bədii hissədə müəllifin özünün, Bakı Musiqi Akademiyasının tələbələri, beynəlxalq müsabiqə laureatları Nurlan Gəncəlinin (qaboy), Fuad Əlizadənin (fortepiano), Nəcəf Vəliyevin (truba), Bakı Musiqi Akademiyasının magistri, Azərbaycan Dövlət Xor Kapellasının solisti Ərəstun Quliyevin (vokal), “Bənövşə” Uşaq Xorunun solisti Leyla İbrahimovanın (vokal) ifalarında A.Dadaşovun əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.
Muzeyin foyesində bəstəkarın yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunub.
azertag.az