“Təhsil sahəsində islahatlar 2013-cü ildə dövlət başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir".
Bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, islahatlara başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlillər aparılıb: "Bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik”.
O bildirib ki, ali təhsil sahəsində köçürmələrlə bağlı vəziyyət qeyri-qənaətbəxş idi ki, bu da 10 il müddətində qəbul imtahanlarının səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmışdı: “Bunların qarşısının alınması üçün ölkədə vahid idarətetmə sistemi yaradıldı. Görülən işlərin nəticəsində hazırda müəllimlərin əmək haqları orta əmək haqlarına yaxınlaşır”.
Onun sözlərinə görə, təhsil sahəsində həyata keçirilən digər islahat məktəbə hazırlığın əhata dairəsi ilə bağlıdır. Nazir bildirib ki, 2 il müddətində başlanan layihə artıq bu ilin oktyabr ayında dövlət büdcəsi hesabına həyata keçirilməyə başlanıb və bütün məktəblərdə məkətəbəhazırlıq qrupları fəaliyyət göstərir.
M.Cabbarov bildirib ki, əsas problemlərdən biri məktəblərdə istilik sistemi ilə bağlıdır: "Ölkə başçısının və baş nazirin dəstəyi ilə SOCAR və "Azəriqaz"la birgə qazla təchiz olunmuş məktəblərdə problemin bu mövsümdə həllinə nail olmuşuq".
Nazir deyib ki, növbəti 2 ildə kənd məktəblərinin maddi texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulub: "230-dan çox modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur. Tələbə kredit sistemləri həyata keçirilir ki, bu il 232 məktəb direktoru region məktəblərinə təyinat alıb. Görülən işlərin məntiqi nəticəsidir ki, 3 il müddətində qəbul imtahanlarında akademik nəticələr yaxşılaşıb. Bu il 9-cu sinif şagirdlərinin buraxılış imtahanları fərqli olacaq".
M.Cabbarovun sözlərinə görə, bu ilin 11 ayı ərzində 7 rayon üzrə təhsil şöbəsinin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildiyi üçün həmin idarələrdə kadr dəyişikliyi edilib.
M.Cabbarov həmçinin qeyd edib ki, ali məktəblərlə bağlı optimallaşdırma siyasətinin aparılması nəzərdə tutulur: "Lakin bu istiqamətdə biz çox diqqətli olmalıyıq, hər şeyi dəqiq ölçüb-biçməliyik".
trend.az