Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 3 milyon manat ayrıldı
8.12.2016

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 90 mindən çox əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, rayon mərkəzi və uşaq xəstəxanaları, doğum evi, Bayraq muzeyi tikilib, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, 6600-dən çox ailə üçün 18 yeni qəsəbə salınıb, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 15 tibb müəssisəsi, 13 klub inşa edilib, ümumi uzunluğu 42 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, qaz, elektrik, içməli su xətləri çəkilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 57 ədəd subartezian quyusu qazılıb, digər mühüm infrastruktur layihələri yerinə yetirilib.

Sərəncamda qeyd olunur ki, rayonda yeni əkin sahələrinin suvarma suyu ilə təminatı və qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 36,7 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun qazılması üçün 2 milyon manat, 8 yaşayış məntəqəsində yerləşən, qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı 9 binada müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

trend.az