Prezident İlham Əliyev Kuba Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun və Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın etimadnamələrini qəbul edib.
Səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçib.
Alfredo Nieves Portuondo etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verib və bu hadisənin ölkəmizdə dərin kədər hissi ilə qarşılandığını bildirib. Azərbaycanda Fidel Kastroya böyük rəğbət bəsləndiyini bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn günlərində Kuba inqilabının rəhbərinin xatirəsinə göstərdiyi hörməti həmrəylik hissinin nümayişi kimi dəyərləndirib.
Bu gün iki ölkə arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının qurulduğunu vurğulayan dövlət başçısı Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur: "Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar".
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığına, onun xatirəsinə göstərilən ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. İki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, dövlət başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı üçün səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev Mərakeş Krallığının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın da etimadnamələrini qəbul edib.
Səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçib.
M.A.Embarş etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. İki ölkə arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycanın bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlət başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu deyib, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğulayıb. Prezident İlham Əliyev iki ölkənin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirib. Dövlət başçısı iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs edib. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını deyib, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini vurğulayıb.
report.az