"Əl-Cəzirə" televiziyasında Azərbaycan haqqında reportaj yayımlanıb.
Reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinin sahilində yerləşdiyi qeyd edilib.
Eyni zamanda, verilişdə Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanıb.
Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan Partiyası ilə bərabər qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilib.
Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə və regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Əl-Cəzirə" kanalının müxbiri Ömər Kaşramın "Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir" sualına cavabında bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur.
Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olaraq qalmaqda davam etməsi diqqətə çatdırılıb və Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanıb.
report.az