Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Bu yolda əsaslı yenidənqurma işləri “Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq aparılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, avtomobil yolunun hərəkət hissəsinin eni 10 metrə qədərdir. Yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtük yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı burada da zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib. Yola yeni asfalt-beton örtüyü salınıb. Asfalt-beton örtüyündə xüsusi materialdan istifadə olunub ki, bu da səth sularının asfalt-beton örtüyünə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzunömürlülüyünü artırır. Layihə çərçivəsində yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilib. Yol boyunca xüsusi avtobus dayanacaqları quraşdırılıb, səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub. Diqqətə çatdırıldı ki, əsaslı yenidənqurma işləri qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Zığ–Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
trend