Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Mərkəzinin açılışı olub
8.12.2016

Bu gün Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün Təlim Mərkəzinin açılış mərasimi keçirilib.

Mərkəz Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əsasında yaradılıb.

Təlim mərkəzi resurs mərkəzi, kompüter və məlumat bazası otaqları və təlim salonundan ibarətdir. Ümumilikdə mərkəzin yaradılması Dövlət İdarəçilik Akademiyasının daxili təlim bacarığının artırılması və müxtəlif dövlət orqanlarından olan dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması üçün bir vasitə kimi xidmət edəcək.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın davamlı inkişaf sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verib, birgə layihə çərçivəsində yaradılan mərkəzin görəcəyi işlərin miqyası və səmərəsindən də əminliklə söz açıb.

BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai BMT İP və Akademiya arasında əməkdaşlığın tarixçəsini vurğulayaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda hökumətə yardım edəcək dövlət qulluqçularının peşəkarlıq inkişafının təkmilləşdirilməsində təlim mərkəzinin əhəmiyyətinə toxunub: "Bu bir sirr deyil ki, Azərbaycanda dövlət qulluqçuları təlimi dövlət qulluğu sisteminin təkmilləşdirilməsində maraqlı olan digər region ölkələri də yararlana bilər. Ölkədə dövlət qulluğu təliminin Avropa standartlarına uyğun gücləndirilməsi ilə əlaqədar Akademiyaya dəstək olmaq Azərbaycanda güclü dövlət qulluğu sisteminin yaradılmasına kömək olacaq əhəmiyyətli bir fəaliyyətdir”.

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Malena Mard isə vurğulayıb ki, Aİ müstəqilliyini əldə etdikdən bəri Azərbaycanda dövlət idarəçiliyi və bacarıqların təkmilləşməsi prosesinə yardım edir.

Qeyd edək ki, Avropanın ən yaxşı təcrübələrinə uyğun olaraq ölkədə peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişafına töhfə vermək məqsədilə Avropa İttifaqı hazırda 4 qrant layihəsini Azərbaycan üçün ayırıb. Layihələrdən biri BMT İP tərəfindən həyata keçirilən bu layihədir.

“Azərbaycan Respublikasında Dövlət Qulluğu Təliminə Dəstək” layihəsinin əsas məqsədi dövlət orqanları arasında dövlət qulluqçuları təliminin və peşəkar inkişaf funksiyasının idarəsi və əlaqələndirilməsini gücləndirməkdir. Layihənin digər məqsədi dövlət işçiləri təlimlərinin idarə və əlaqələndirilməsi, eləcə də dövlət orqanları və digər təlim mərkəzlərinə metodoloji yardım göstərmək üçün Dövlət İdarəçilik Akademiyasının institusional bacarıqlarını gücləndirməkdir.


trend