Azərbaycanda dövlət banklarının rəhbərliyi dəyişib
9.12.2016

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb.
Bankdan bildirilib ki, dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub".
Məlumatda qeyd olunub ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır: "O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir, Bankın bütün filial və şöbələri öz fəaliyyətini normal qaydada həyata keçirir".

Məlumata görə, ABB-də sədr vəzifəsinin icrası “Azər-Türk Bank”ın İH-nin sədri vəzifəsini müvəqqəti icra edən Xalid Əhədova həvalə edilib.
"Azər-Türk Bank"a müvəqqəti sədrlik isə bankın İH-nin üzvü Orxan Hüseynova tapşırılıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 247,85 manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.
"Azər-Türk Bank" isə 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

report.az