Fotoqraflar üçün “Studiya işıqları ilə iş” mövzusunda seminar keçiriləcək
9.12.2016

Dekabrın 18-də İçərişəhərdə “ART Tower” qalereyasında fotoqraflar üçün “Studiya işıqları ilə iş” mövzusunda seminar keçiriləcək.

“Emalatxana” layihəsi çərçivəsində reallaşacaq seminar “Arts Council Azərbaycan” təşkilatının və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil olunur.

İşıq - fotoqrafın işində ən vacib amildir. Məhz işıq fotolarda müvafiq atmosfer və əhvali-ruhiyyə yaradır. İşıq – fotoqrafiyanın istənilən janrı üçün mühüm vasitədir. Onunla düzgün işləmək bacarığı fotoqrafa işlərini daha da təsirli etmək imkanı verir.

Seminarın məqsədi süni işıqlar ilə işin əsasları və ümumi tanışlıqdır. Seminarda işığın xüsusiyyəti, texniki proseslər və avadanlıq, müxtəlif yaradıcı və kommersiya məqsədləri üçün işıq sxemlərinin tətbiqi haqqında ümumi müzakirələr aparılacaq. Seminar yeni başlayanlar, eləcə də həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Seminarın aparıcısı, fotoqraf Rüfət Abas işığın qurulmasının mühüm məqamları haqqında danışacaq.

Azərbaycan və rus dillərində aparılacaq seminara giriş pulsuzdur.

azertag.az