“Gulfood” sərgisində iştirak etmək istəyən ixracatçıların nəzərinə
9.12.2016

İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 26 fevral - 2 mart 2017-ci il tarixlərində keçiriləcək “Gulfood” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 şirkətdən ibarət olacaq.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: destek@azpromo.az. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 31 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal;
- meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;
• nümayiş olunacaq məhsulların siyahısı;
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 18 yanvar 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı (destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141) müraciət etmək olar.

trend