Bakıda Qazaxıstanın milli bayramı qeyd edilib
9.12.2016

Dekabrın 8-də Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik gününün 25-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxış edərək ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Diplomat vurğulayıb ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanı və Qazaxıstanı çoxəsrlik mehriban dostluq, qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir.

Səfir əmin olduğunu bildirib ki, qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin inkişaf etdirilməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcək.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə milli bayram münasibətilə Qazaxıstan xalqını Azərbaycan hökuməti adından təbrik edib, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olub və bu əlaqələr müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlayıb. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini verib. Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə Qazaxıstanın milli musiqilərindən ibarət konsert proqramı təqdim edilib.

Rəsmi qəbulun iştirakçıları, həmçinin gənc fotoqrafların işlərindən ibarət “Naməlum Qazaxıstan” adlı sərgi ilə tanış olublar.


trend