Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam və heykəltəraş Zakir Mehdiyevin “Heykəl sərgisi” adlı sərgisi açılacaq.
Muzeydən bildirilib ki, dekabrın 31-dək davam edəcək sərgidə müəllifin 35-ə yaxın heykəltəraşlıq əsəri nümayiş olunacaq.
Zakir Mehdiyev 1948-ci ildə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu və SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirib. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 2000-ci ildən bu günə kimi Türkiyədə Atatürk Universitetində dərs deyir.
Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.
azertag.az