ABŞ-ın Vircinia ştatının Feyrfəks şəhərinin Providence Elementary ibtidai məktəbində təhsil alan şagirdlərin irs və mədəniyyətlərinin təqdimatı məqsədi ilə “Family Heritage Night” adlı tədbir keçirilib.
Tədbirdə şagirdlərin ailələri milli mətbəx nümunələrini, mədəni dəyərlərin əks olunduğu əşyaları nümayiş etdirib, milli rəqslər ifa ediblər.
Məktəbdə təhsil alan azərbaycanlı şagirdlər Ləman və Əlixan, onların valideynləri Elman və Leyla Kərimovlar tərəfindən Azərbaycan guşəsində iştirakçılara yarpaq dolması, paxlava və şəkərbura təqdim olunub.
Daha sonra ölkəmiz haqqında videoçarxlar göstərilib, qonaqlara milli-mədəni irsimiz, tariximiz, musiqimiz, xalçalarımız və adət-ənənələrimiz barədə məlumat verilib. Təqdimatda istifadə olunan broşürlər, jurnallar və kitablar Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təmin edilib.
azertag.az