Beynəlxalq standartlar müəllifi Bakıda master klass keçirəcək
12.12.2016

İSO 9001 və bu kimi bir neçə beynəlxalq standartın müəllifi Çarlz Korri Bakıda master klass keçirəcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Britaniya Standartlar İnstitutu (BSİ) ilə yerli sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memorandumu imzalanacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dekabrın 14-də Bakıda “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” adlı master klass keçiriləcək. Master klassı Britaniya Standartları İnstitutunun (BSİ) Standartların inkişafı şöbəsinin müdiri Ç.Korri və BSİ-ın MDB və Baltikyanı ölkələr üzrə baş direktoru Dmitri Yartsev keçirəcək.

Ç.Korri həmçinin, İSO 9001 ”Keyfiyyəti idarəetmə sistemləri”, İSO 45001 “İstehsal təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemləri” , İSO 55001 “Aktivlərin idarə edilməsi sistemləri” standartlarının müəllifi, keyfiyyətin idarə edilməsi sistemləri üzrə Texniki Komitələrin (İSO/TC 176/SC 2, İSO/PS 283, İSO/TC 251) və OHSAS-ın (Standartlar Qrupu) layihə katibidir. Tədbir çərçivəsində iştirakçılara müəssisələrdə yaradılan keyfiyyət sistemlərinə beynəlxalq tələblər, bu sahə üzrə mövcud müasir təcrübə, istehsal sahəsində ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ən yeni tənzimləyici mexanizmlərə yiyələnmək haqqında məlumatlar veriləcək.

Yerli sahibkarlar üçün təşkil olunan tədbirin əsas məqsədi ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyin artırılması, beynəlxalq İSO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinə dəstəkdir. Tədbir çərçivəsində Britaniya Standartlar İnstitutu ilə akkreditasiya olunmuş “TexnoSert” və “AzSert” sertifikatlaşdırma orqanları arasında “İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair” Əməkdaşlıq Memarandumunun imzalanması planlaşdırılıb.

BSİ standartlaşdırma və sertifikatlaşdırma ilə məşğul olan ən nüfuzlu və qədim təşkilatlardan biri hesab edilir. BSİ yüz ildən artıqdır ki, fəaliyyət göstərir və hazırda dünyada müasir standartların, təhsilin, sertifikatlaşdırmanın inkişafına təkan verən qlobal bir təşkilat kimi fəaliyyətdədir. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) yaradılmasında və inkişafında xüsusi rolu olmuş BSİ beynəlxalq standartların hazırlanmasında İSO-nun texniki komitələrinin əksəriyyətinin katibliyini həyata keçirməkdədir.

trend.az