Belarus Dövlət Rabitə Akademiyasının fakültə dekanı BANM-də olub
12.12.2016

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Belarus Dövlət Rabitə Akademiyasının universitetə qədərki hazırlıq fakültəsinin dekanı Yuri Stepancukla görüşüb.
Bu barədə Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri və perspektiv planlarından danışaraq Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib.
Belarus Dövlət Rabitə Akademiyasının universitetə qədərki hazırlıq fakültəsinin dekanı Yuri Stepancuk Ali Neft Məktəbinin fəaliyyəti ilə tanış olaraq burada tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə, həmçinin əlaqələrin qurulması və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə imzalanması barədə tərəflər arasında razılıq əldə olunub. Gələcəkdə imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyi vurğulanıb.

report.az