“Şəxsiyyət və zaman” üçcildlik sənədli romanının birinci cildi macar dilində nəşr edilib
13.12.2016

Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycanın Macarıstandakı səfirliyi tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Azərbaycanın Dövlət Mükafatı laureatı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Şəxsiyyət və zaman” üçcildlik sənədli romanının birinci cildini macar dilində nəfis şəkildə nəşr etdirib. Macarıstanda ilk dəfədir ki, Azərbaycan xalqının böyük oğlu haqqında məlumat bu qədər əhatəli şəkildə oxuculara təqdim olunur.

Əsəri indiyə qədər Azərbaycan ədəbiyyatının bir sıra nümunələrini yüksək peşəkarlıqla macar oxucusuna çatdıran yazıçı-publisist Tamaş Varhegi tərcümə edib. Səfir Vilayət Quliyev nəşrə məsul şəxs kimi şəxs və yer adlarının, tarixlərin, milli realiyaların dəqiqliyini ümumi nəzarətdə saxlayıb.

Kitaba Heydər Əliyevin 1923-1982-ci illərdəki həyat yolunu əks etdirən bir sıra fotoşəkillər də daxil edilib.

Beş yüz nüsxə tirajla çap olunan “Şəxsiyyət və zaman” kitabının yarıdan çoxu təmənnasız şəkildə Macarıstanın müxtəlif kitabxanalarına və digər mədəni-maarif müəssisələrinə veriləcək. Digər cildlər üzərində iş davam edir.

azertag.az