Ölkəmizdə keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında beynəlxalq mətbuatda yazı dərc olunub. Material Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) üzv olduğu beynəlxalq ASSİTEJ-in bu ay üçün nəşr olunmuş elektron bülletenində işıq üzü görüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, “IV Baku İnternational Theater Conference” başlıqlı yazıda “Teatr və multikulturalizm” mövzusunda paytaxtımızda keçirilmiş IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ADGTT-də baş tutmuş beynəlxalq ASSİTEJ prezidentləri və nümayəndələrinin iclası yer alıb.
Yazıda göstərilir ki, iclasda ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezidenti Leo Vukeliç, Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ-İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə də ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak edərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunublar. Yazıda, həmçinin bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, beynəlxalq teatr qurumlarının prezidentləri iştirak ediblər. Konfrans çərçivəsində həyata keçirilmiş görüşlə yanaşı, plenar iclaslar, treninq və seminarlar haqqında da məlumat verilib.
Yazı ilə aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiniz:
http://www.assitej-international.org/en/2016/12/iv-baku-international-theater-conference/
azertag.az