İmişlidə yeni istixana kompleksi fəaliyyətə başlayıb
13.12.2016

Dövlətimizin başçısının sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması ilə bağlı imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq, İmişlidə 4 hektar ərazidə yeni istixana kompleksi yaradılıb.

“Araz Agro Alko Kombinat” Holdinq tərəfindən inşa olunan kompleksə əkin sahələri ilə yanaşı, məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar daxildir. Kompleks istilik-mühafizə pərdələri və havalandırma sistemi ilə təchiz edilib. Burada müasir texnologiyaların tətbiqi enerji xərclərinə qənaət etməyə şərait yaradacaq. Bu da öz növbəsində yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verəcək. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarında istifadə olunacaq.

İstixanada əkiləcək bitkilərin suvarılması və dərmanlanması üçün iki su anbarı inşa edilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. Kompleksdə istehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə ixracı nəzərdə tutulur.

Hazırda kompleksdə Hollandiyadan gətirilən “Arletta” növlü pomidor şitilinin əkilməsinə başlanılıb. İstixanada, həmçinin xiyar, badımcan, bibər və digər tərəvəz məhsulları yetişdiriləcək.

Kompleksdə 50 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

azertag.az