Naxçıvanda “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitab işıq üzü görüb
13.12.2016

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və həmin İnstitutun dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın birgə hazırladıqları “Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitab işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən bildirilib ki, qurumun Rəyasət Heyətinin qərarı ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunan kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, rəyçilər AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyevdir.

Kitab Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində, xalqımızın taleyində, milli dövlət quruculuğunda misilsiz rol oynayan ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, əvəzsiz tarixi xidmətlərindən bəhs edir.

Nəşrin ilk səhifələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Prezident İlham Əliyevin 2016-cı il oktyabrın 11-də imzaladığı Sərəncam yer alır. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri kitabın başlıca mövzusunu və məzmununu təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlar “Müstəqilliyimizi əbədi və dönməz edən şəxsiyyət”, “Milli qurtuluş tarixinin öndəri”, “Sülh və əmin-amanlıq elçisi”, “Yeni Azərbaycan yolu” və digər başlıqlı yazılarda əksini tapır.

Müəlliflər Heydər Əliyevin siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətləri “Qələbə əzmli lider”, “İlhamlı sabahın aydın, Azərbaycan!”, “Böyük zəfərlərə aparan lider”, “Naxçıvan möcüzəsini yaradan zəka” və digər başlıqlı yazılarda oxuculara təqdim edirlər.

azertag.az