Naxçıvan Muxtar Respublikasının 213 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında təşkil olunan interaktiv dərsdə şagirdlərə Ümummilli Liderimizin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
“Əbədiyaşar lider” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzeyin yaranma tarixi barədə danışıb. Bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb. Muzey həmin il mayın 10-dan fəaliyyətə başlayıb. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvandakı Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey Ümummilli Liderin sağlığında yaradılıb. Burada Ulu Öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi ekspozisiya zalından və kitabxanadan, muzey fondundan ibarətdir. Burada kitabxana yaradılıb, Ümummilli Liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı mövcuddur.
“Muzey fondunda Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 629 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev bildirib ki, bu eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunan xalçalardan, çəkilən portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Dahi şəxsiyyətin mənalı həyatı və zəngin siyasi fəaliyyəti barədə danışan Muzeyin direktoru qeyd edib ki, Ulu Öndərimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilib. 1982-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv olub, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan Ulu Öndərimiz 1982-1987-ci illərdə daim Azərbaycan haqqında düşünərək ölkəmizin gələcəyi üçün mühüm tədbirlər görüb. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Açıq dərsdə vurğulanıb ki, Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya, iki gün sonra isə doğma Naxçıvana qayıdan Ulu Öndərimiz buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında dahi şəxsiyyətin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülüb. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, burada aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı Ali Məclis adlandırılıb, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərar qəbul edilib. Həmin qərarlar, sessiyaya gətirilən üçrəngli bayraq, 1991-ci il sentyabrın 3-də ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi haqqında qərar bu gün muzeydə nümayiş etdirilir.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis edildiyini və Ulu Öndərimizin partiyanın sədri seçildiyini deyən Ramil Orucəliyev bildirib ki, 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxıb. Ulu öndər Heydər Əliyev həmin il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib. Məhz bu tarixdən başlayaraq Azərbaycanda dövlət quruculuğu prosesinə start verilib, ölkənin parçalanmasının, yox olmasının qarşısı alınıb. Buna görə də 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev Muzeyinin direktoru bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Buna görə də o, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb.
azertag.az