“Oyuq” teatr-studiyasında ustad dərsləri
14.12.2016

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında ustad dərslərinə start verilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, dərsləri studiyanın pedaqoqları ilə yanaşı, peşəkar rejissor, xoreoqraf, vokalçı, aktyor və səhnə ustaları aparır. Burada əsas etibarilə müsabiqə yolu ilə studiyanın sıralarına qoşulan həvəskarlara ilkin səhnə vərdişləri aşılanır. Ustad dərslərində uşaqlara səhnə sərbəstliyi, tamaşaçı ilə ünsiyyət, obrazdan çıxış, rejissorla işləmə bacarığı, dramaturji materialı mənimsəmə və ifadə vərdişləri, eləcə də səs və oyun texnikası, plastika, nitq mədəniyyəti kimi keyfiyyətlər öyrədilir.

Həvəskar aktyorları peşəkar səhnəyə alışdırmaq imkanı verən dərslər seçilən uşaqların fərdi xüsusiyyətlərinin daha da inkişafına zəmin yaradacaq. Belə ki, müəllimlərin seçdiyi və sahələr üzrə istiqamətləndirdikləri uşaqlara qrup şəklində məşğələlərin ardınca fərdi dərslər də keçiləcək.

Qeyd edək ki, bu dərsləri studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva və studiyanın pedaqoqu, aktrisa Cəmilə Allahverdiyeva ilə yanaşı, Əməkdar Artist Firuzə İbadova, Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov, “Yuğ” teatrının rejissoru Günay Səttar, Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva, nitq üzrə pedaqoq Leyla Zeynalova və peşəkar xoreoqraflar aparır. Həftədə iki dəfə olmaqla baş tutan dərslərdə fərqlənən uşaqların ifasında əbədi-bədii kompozisiya, konsert-tamaşa və səhnə şousu hazırlanaraq balaca teatrsevərlərə təqdim ediləcək.

azertag.az