“Kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilib
14.12.2016

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.

AMEA-dan bildirilib ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun qazma və sement məhlulları laboratoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovun “Kiçik təsir və həyəcan effekti əsasında qazmada yaşıl texnologiyalar” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzədə qeyd edilib ki, termobarik şəraitlərlə xarakterizə olunan geoloji kəsilişlərdə qəza və mürəkkəbləşmələrin başvermə riskinin azaldılması məqsədilə “kiçik təsir və həyəcan effekti” nəzəriyyəsi əsasında yeni elmi-praktik işləmə həyata keçirilib.

İclasda AMEA Xəbərlər (Yer elmləri seriyası) jurnalının vəziyyəti də müzakirə olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə jurnalda dərc edilən məqalələrin keyfiyyət göstəricilərinin yüksəldilməsinin vacib məsələ olduğunu bildirib.

Daha sonra bir sıra struktur məsələləri müzakirə olunub. AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda seysmologiya və seysmik təhlükə, mühəndisi geofizika şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.

İclasda bir sıra cari məsələlərə baxılıb.

azertag.az