Azərbaycanda jurnalistikanın inkişafına töhfə verərək gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, onları hərbi əməliyyatlar zamanı informasiyanın cəmiyyətə düzgün ötürülməsi ilə bağlı məlumatlandırmaq məqsədilə həyata keçirilən “Həyəcan siqnalı-2” layihəsinin icrası başa çatdırılıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə icra olunub.
Layihə çərçivəsində 25 gənc jurnalistə “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki biliklər” və s. mövzularda təlimlər keçirilib.
Təlimlərdə “Dinc Dünya” Araşdırma Mərkəzinin rəhbəri, hərbi jurnalist Əlisəfa Mehdiyev, “Azərbaycan ordusu” qəzetinin müxbiri Lalə Hüseynova və digər ekspertlər iştirakçılara müharibə jurnalistikası barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.
Yekunda layihə rəhbəri Türkan Nadirqızı iştirakçılara sertifikatlar təqdim edib.
azertag.az