Estoniya gimnaziyalarında Azərbaycan və Türkiyənin tarixi, mədəniyyəti və təbiəti ilə bağlı layihəyə start verilib
15.12.2016

Tallin şəhərində fəaliyyət göstərən “Tallinn Pae” gimnaziyasında “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, eləcə də Azərbaycan və Türkiyənin bu ölkədəki səfirlikləri, Estoniya Mədəniyyət Nazirliyi, “MISA” İnteqrasiya və Miqrasiya Fondu və Tallin Şəhər İcra Hakimiyyətinin “Peaceful home” layihəsinin dəstəyi ilə “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihənin başlanması münasibətilə tədbir keçirilib.

Müəllim və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə gimnaziyanın direktoru İzabella Riytsaar, Azərbaycan və Türkiyənin bu ölkədəki səfirliklərinin nümayəndələri, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev və “MISA” Estoniya İnteqrasiya və Miqrasiya Fondunun təmsilçisi çıxış ediblər.

Çıxışlarda əsas diqqət multikulturalizmin Azərbaycan modeli, tolerantlıq, Qafqaz Albaniyası kimi mövzulara yönəldilib.

Daha sonra Azərbaycan səfirliyi tərəfindən gimnaziyanın direktoru İzabella Riytsaara ölkəmizin milli musiqi alətləri və xalça nümunəsini özündə təcəssüm etdirən suvenir təqdim olunub, eləcə də bir sıra kitab və nəşrlər gimnaziyaya hədiyyə edilib.

Tədbir Azərbaycan diasporunun bazar günü məktəbinin rəhbəri Şahsənəm Əliyevanın ölkəmiz haqqında təqdimatı ilə davam etdirilib.

Layihə çərçivəsində Estoniyanın bir neçə gimnaziyasında yuxarı sinif şagirdlərinin esse, sual-cavab və digər müsabiqələrdə iştirakı nəzərdə tutulub.

Silsilə tədbirlər Estoniyanın iki böyük şəhəri - Tartu və Tallinin “Hugo Treffner”, “Nõo Science” və “Kadriorg German” gimnaziyalarında da təşkil olunacaq.

azertag.az