Dekabrın 14-də Xalça Muzeyində Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”in "Tarixin çarxları" adlı kolleksiyası təqdim edilib.
Kolleksiya Azərbaycanın regionlarına həsr olunub.
“Resm” brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova deyib ki, kolleksiyanın əsas məqsədi Azərbaycanın hər bir bölgəsinin, kənd və şəhərlərinin gözəlliyini sərgiləmək və ölkənin müxtəlif hissələrinin mədəni zənginliyini və fərqliliyini nümayiş etdirməkdən ibarətdir. Bildirib ki, kolleksiyadakı hər bir zərgərlik əşyası sonsuzluğa işarə etmək, eyni zamanda üzərindəki ornament və atributları vurğulamaq məqsədilə dairə şəklində hazırlanıb. Kolleksiyaya daxil olan hər bir iş müəyyən bölgəni təmsil edən həmin bölgənin incəsənəti, mətbəxi, tarixi, coğrafiyası və ya yerli mədəni irsinə dair bir və ya bir neçə element və rəmzlərlə bəzədilib.
Bildirilib ki, "Tarixin çarxları" Azərbaycanın ayrı-ayrı bölgələri arasındakı fərqlilik və bu bölgələrin mədəni irsinə olan dərin fəxr hissi ilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, “Resm”in zərgərlik məmulatları qədim Azərbaycan ornamenti və naxışlarının müasir interpretasiyasını təqdim edir. "Resm"in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyətinə, ənənələrinə və hər şeydən öncə, milli ruhuna bağlılığı əks etdirir. Dövründən asılı olmayaraq, "Resm"in zərgərlik parçaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaratmağa imkan verir.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
azertag.az