Xalq Rəssamı Elbəy Rzaquliyevin xatirəsi anılıb
15.12.2016

Dekabrın 14-də Dövlət Film Fondunda Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Xalq Artisti, kinorejissor Oqtay Mirqasım, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, kinorəssam Fariz İsmayılov və başqaları çıxış edərək rəssamın həyat və yaradıcılığından söhbət açıb, öz xatirələrini bölüşüblər.

Bildirilib ki, Bakı şəhərində dünyaya göz açan Elbəy Rzaquliyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib və dövrünün görkəmli fırça ustalarından sənətin sirlərini öyrənib. O, “Azərbaycanfilm” studiyasında quruluşçu rəssam kimi sərbəst yaradıcılıq fəaliyyətinə başlayıb. “Görüş”, “Ögey ana”, “Sevil” və s. kimi uğurlu ekran həyatı yaşamış filmlərin rəssamı olub. Kino rəssamlığı sahəsində qazandığı nailiyyətlərə baxmayaraq, dəzgah rəngkarlığı və qrafika sahəsinə də maraq göstərərək, fərdi yaradıcılıq üslubu, aktual mövzusu, ideya həlli baxımından orijinallığı ilə seçilən akvarel, rəngkarlıq əsərləri yaradıb.

Vurğulanıb ki, E.Rzaquliyev 1964-cü ildə Əməkdar Rəssam, 1977-ci ildə isə Xalq Rəssamı fəxri adlarına, “Azərbaycan-cəbhəyə” və “1945-ci il May. Qələbə Bayramı” əsərlərinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. O, Rəssamlar İttifaqının idarə heyətinə üzv seçilib, uzun illər Rəssamlar İttifaqının katibi olub. 1998-ci ildə rəssam çoxillik yaradıcılıq fəaliyyətinə, milli incəsənətimizin inkişafına verdiyi əvəzsiz töhfələrə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edilib ki, E.Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş etdirilir.

Gecədə “Yaddaş” sənədli filmlər studiyasında lentə alınan rejissor Mübariz Nağıyevin görkəmli sənətkara həsr etdiyi “Arzularını çəkən rəssam” sənədli filmi nümayiş olunub.

azertag.az