Tanınmış bəstəkar Azər Dadaşova həsr olunmuş elmi-praktik konfrans
15.12.2016

Dekabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi, professor Azər Dadaşovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın yaradıcılığından danışıb.

Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. O, zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına, təbliğinə mühüm töhfələr verib. Bəstəkar 10 simfoniyanın, neçə-neçə digər janrlarda yazılmış musiqi əsərinin, o cümlədən 20-dən çox filmə yazılmış bəstənin müəllifidir.

Azər Dadaşovun özünəməxsus yaradıcılıq yolundan söz açan natiq deyib ki, onun əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur.

F.Əlizadə bəstəkarı təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarovanın “Azər Dadaşov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümunəsi kimi” adlı məruzəsi dinlənilib. Bəstəkarın yaradıcılığını yüksək qiymətləndirən Z.Qafarova onun yazdığı bütün musiqi əsərlərinin orijinallığı haqqında fikirlərini bölüşüb.

Tədbirdə Azər Dadaşovun həyat yolu və yaradıcılığından bəhs edən məruzələr dinlənilib.

Sonda Azər Dadaşov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Konsert proqramı ilə davam edən tədbirdə Bakıda fəaliyyət göstərən bir sıra 11 illik musiqi məktəblərinin şagirdlərinin ifasında Azər Dadaşovun yazdığı musiqi əsərləri dinlənilib.

azertag.az