Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının iclası keçirilib
15.12.2016

Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, iclasda Komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.
Fransalı həmsədr ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynayacağını vurğulayıb.
S.Şərifov isə Azərbaycanda qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
İclasda iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparılıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
S. Şərifov bir sıra ikitərəfli görüşlər də keçirib. Fransanın maliyyə naziri Mişel Sapenlə görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı, ölkəmizin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlarla bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatların əhatə dairəsi və onların nəticələri, bu istiqamətdə Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.
Azərbaycanın Fransa üçün vacib tərəfdaş olduğunu bildirən Mişel Sapen ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunaraq ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirib.

report.az