Azərbaycan ofşor zonaların yaradılmasının əleyhinədir
15.12.2016

Vergilər Nazirliyi Azərbaycanda ofşor zonalarının yaradılması ideyasının əleyhinə çıxış edir.
Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deputatların səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib: "Ondansa, iqtisadiyyatın daha səmərəli inkişafı məqsədi ilə digər formalar seçmək lazımdır".
Nazirin sözlərinə görə, ofşor zonaların Azərbaycanda yaradılmasına lüzum yoxdur: "Bu gün dünyanın sivil ölkələri iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə normal və şəffaf uçot sistemini tətbiq edir. Bizim də belə bir təcrübəni tətbiq etməyimiz daha yaxşı olardı".
F.Məmmədov əlavə edib ki, ofşor zonalardan isə, azad iqtisadi zonaların, sənaye parklarının yaradılması daha məqbuldur: "İndi ölkə ərazisində sənaye məhəllələri və sənaye parkları yaradılır. Sahibkarlar bu ərazilərdə fəaliyyət göstərməklə güzəştlər əldə edə bilərlər. Gələcəkdə sahibkarları daha da stimullaşdırmaq məqsədi ilə onlara daha uzunmüddətli güzəştlər tətbiq edilə bilər".

report.az