Dekabrın 15-də “Gallery 1969” sərgi salonunda “Azərbaycanda islam dünyası və tolerantlıq” adlı fotosərgi açılıb.
Gənc fotoqrafların əsərlərindən ibarət sərgi Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə nazirliyin şöbə müdiri İndira Hacıyeva sərginin əhəmiyyətindən söz açıb.
Azərbaycanda tarix boyu bütün dini dəyərlərə hörmət olunduğunu söyləyən nazirlik rəsmisi bu gün də o ənənənin davam etdiyini qeyd edib. Natiq Azərbaycanda hökm sürən tolerant mühit və ölkəmizdə aparılan multikultural siyasətdən danışıb.
Vurğulanıb ki, sərginin təşkil olunmasında məqsəd gənclərimiz arasında dini dəyərləri və tolerant yanaşma tərzimizi təbliğ etməkdən ibarətdir.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bildirib ki, sərgidə nümayiş olunmaq üçün 40 gənc fotoqraf tərəfindən 300-dən çox fotoşəkil təqdim olunub. Ancaq mütəxəssislər tərəfindən 22 fotoqrafın 50-dək əsəri seçilib. Sərginin ekspozisiyasında yer alan 50 sənət əsərində ölkəmizin tolerant yanaşma tərzinin nümayiş olunduğunu deyən natiq fotoşəkillər vasitəsilə ölkəmizdə dini, multikultural və tolerant dəyərlərə nə qədər önəm verildiyini xüsusi vurğulayıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi üç gün davam edəcək.
azertag.az