Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 3-dək davam edəcək
30.8.2012

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 3-dək davam edəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə saatlarında 19-22 dərəcə, günorta 25-29 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 30-35 dərəcə, dağlarda 21-26 dərəcə isti təşkil edəcək.

Sentyabrın 3-dək Abşeron yarımadasında xəzri küləyinin gətirdiyi sərinlik müsbət amil olsa da, güclü və davamlı xəzri küləyi meteohəssas insanlar üçün diskomfort hissi yarada bilər.

APA