Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha xəbərdarlıq edib
16.12.2016

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara bir daha müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır. Şəxsi avtomobillərdən istifadə edənlərin diqqətinə çatdırılır ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etsinlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməlidir. Hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz saxlanması, görünməsi təmin edilməlidir.

Sürüşmə ehtimalı nəzərə alınaraq, piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər. Piyadalar səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etməli, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirməlidirlər.

V.Əsədov vurğulayıb ki, sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər.

azertag.az