Robotlar haqqında onlayn ensiklopediya istifadəyə verilmişdir
30.8.2012

“Vikipediya” tipli onlayn ensiklopediya olan “Robopediya” fəaliyyətə başlamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, RobotAppStore.com saytı tərəfindən istifadəyə verilmiş resursda robotlar haqqında videolar, əlavələr, təsvirlər və izahlı məlumatlar əldə etmək olar.

RobotAppStore.com saytının rəhbəri Eled İnber demişdir ki, robotlar haqqında məlumatın çatışmazlığı onların xidmətinin ən böyük problemi olmuşdur. Hər bir layihə iştirakçısı üçün qeydlərin redaktəsi və onlara əlavələr etmək imkanı yaradıldığından, gün ərzində istifadəçilər tərəfindən çox sayda fərqli məlumatların daxil olduğu bildirilmişdir. Sayt rəhbərinin sözlərinə görə, komponentlər və robot konstruksiyalarına hər zaman kifayət qədər böyük diqqət ayrılır.

www.tzoom.com.ua saytının məlumatına görə, “Robopediya”da yeni başlayan və təcrübəli proqramçılar üçün robotların işləmə prinsipləri, terminologiyası haqqında məlumatlar, həmçinin müxtəlif növ robotlar üçün proqram təminatlarının yaradılması barədə izahat verilmişdir.

AzərTAc