Direktor: “Azərbaycanda şəxsi məlumatların qorunması üzrə yeni qurum yaradılacaq”
16.12.2016

Tbilisidə “Şərq Tərəfdaşlığı" ölkələrində şəxsi məlumatların toxunulmazlığının gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrdə vətəndaşların şəxsi məlumatlarının toxunulmazlığının qorunması, bu sahədə beynəlxalq təcrübə və digər məsələlər müzakirə olunub.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri ölkədə şəxsi məlumatların qorunması sahəsində görülən işlər barədə məlumat veriblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov jurnalistlərə açıqlamasında deyib ki, şəxsi məlumatların vahid mərkəzdə toplanması və bu məlumatların mühafizəsi dünya ölkələrinin diqqət mərkəzindədir: "Avropa İttifaqı və Avropa Şurasında da bu sahədə müəyyən qərar və konvensiyalar qəbul olunub. Azərbaycan da bu beynəlxalq təşkilatların üzvüdür və 2009-cu ildə müəyyən şərtlər daxilində Avropa Şurasının “Məlumatların qorunması”na dair konvensiyasına qoşulub".
Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı"na qoşulan ölkələrdən dördü bu konvensiyaya uyğun olaraq şəxsi məlumatların mühafizəsi üzrə müvafiq strukturlar yaradıblar: "Bu konfransda həmin qurumların təcrübəsindən, əldə etdikləri uğurlardan danışılıb. Belorusda və Azərbaycanda isə hələlik belə bir qurum yaradılmayıb. Hazırda biz üzv ölkələrin təcrübəsini öyrənirik. Yaxın gələcəkdə Azərbaycanda da belə bir strukturun yaradılması nəzərdə tutulub”.

report.az