QMİ-də Məhəmməd peyğəmbərin (s) mövlud günü qeyd olunub
16.12.2016

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) mövlud gününə həsr edilmiş tədbir keçirilib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, "Qurani-Kərim"in tilavəti ilə başlanan mərasimdə böyük din alimləri, islamın möhkəmlənməsi və müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər yad olunub.
QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə ölkə müsəlmanlarını təbrik edib. O bildirib ki, bu günün müsəlman aləmində "Vəhdət həftəsi" kimi qeyd olunması xüsusi əhəmiyyət daşıyır.
QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev islam peyğəmbərinin (s) elmə böyük önəm verdiyini söyləyib.
İranın ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad deyib ki, İslam inqilabının banisi İmam Xomeyninin təklifi ilə peyğəmbərin (s) mövludu “Vəhdət həftəsi” kimi qeyd edilir. Onun sözlərinə görə, son illər dünyada baş verən hadisələr müsəlmanların vəhdətə daha çox ehtiyacı olduğunu sübut edir.
Tədbirdə “Əhli-Beyt məddahları” qrupunun ifasında ilahilər səslənib.
Sonda mərasim iştirakçılarna ehsan verilib.

report.az